“Bu gün Azərbaycan beynəlxalq təhsilə inteqrasiya edir, bu sahədə müəyyən rasionallaşdırma tədbirləri aparılır və dərs vəsaitləri yenilənir. Amma burada bir məsələ var ki, hər ideya reallığa çevrilə bilməz. İlk növbədə bu yöndə ictimai müzakirələr təşkil olumalıdır və yeni islahatlar pilot layihə olaraq həyata keçirilməlidir”. Bu fikirlərim hafta.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirib.
Onun sözlərinə görə, dərsliklərin rasionallaşdırılması ilə bağlı pilot layihə effekt verərsə, o zaman bu istiqamətdə islahatlara getmək olar: “Biz bəzi fənləri birləşdirib bir dərslikdə tədris etmək istəyirik. Bu təcrübə bir çox ölkələrdə, o cümlədən qonşu Türkiyədə var. Türkiyədə təbiət və texniki fənlər birləşdirilərək bir dərslikdə tədris olunur. Amma gəlin görək, bu Azərbaycanda nə dərəcədə effekli olacaq. Burada təkcə orta məktəbdən söhbət getmir, tələbə qəbulu qaydaları da istər-istəməz dəyişəcək. İxtisas qruplarında dəyişiklik qaçılmaz olacaq. Tutaq ki, biologiya bir ixtisas qrupundadır, fizika başqa ixtisas qrupundadır. Yəni, bu məsələnin hərtərəfli təhlili aparılmalıdır. Bizdə o qədər dərslik olub ki, tədrisə daxil etmişik, sonra kənarlaşdırmışıq. Əslində təhsili təcrübə meydanına çevirməməliyik. Konkret nəticə əldə olunan məsələlərdə islahatlara getməliyik”.
Xatırladaq ki, təhsil naziri Emin Əmrullayev bu yaxınlarda Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı deyib ki, valideynlər onların getdiyi məktəblə uşaqların getdiyi məktəblər arasında fərqlərin olduğunu qəbul etməlidirlər: "Biz az sual veririk ki, uşaqlar nə istəyirlər. Ən vacib sual isə budur ki, 20-30 ildən sonra uşaqlara nə lazımdır. Fənn bilikləri ilə bağlı deyə bilərəm ki, fənlərin ayrı-ayrı tədrisi köhnəlib. Biz üzləşdiyimiz problemləri həll etdikdə kompleks düşünür, həyat təcrübəsini tətbiq edirik. Odur ki, biz müasir təhsildən danışırıqsa, metodik olaraq fənn bazasından layihə əsasında öyrənməyə keçməliyik”.